Güləşçilərimizdən etiraz aksiyası: Federasiyanın iç üzü açıldı


Güləşçilərimizdən etiraz aksiyası: Federasiyanın iç üzü açıldı – Foto,Video

Bu gün güləşçilərimiz etiraz aksiyası keçirib.

Yenicag.az xəbər verir ki, etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganəliyidir.

Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər.

Saytımıza açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib:

“Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.

Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. “Bu gün- sabah” deyə-deyə ilyarımdır problemlər davam edir”.

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev:

“İlk növbədə cənab Prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadır. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.

 

Standar Bankdan 115 miliyon hara xərclənib?


“Ləğvetmə prosesində olan “Bank Standard” QSC-yə kredit borcu olanlarla bağlı məhkəmələrdə 200 mln. manatlıq iddia qaldırılıb”.

standar
Bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.
“Halbuki bankın kredit portfeli 741 mln. manatdır. Belə çıxır ki, qalan təxminən 500 mln. manatlıq borc üzrə vaxtında ödəniş edilir. Əgər belədirsə niyə ləğvetmə üzrə ələ gələcək yekun məbləğ 195 mln. manatdır?” – o bildirib.
İclasda iştirak edən “Bank Standard”ın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri Elşən Kərimov isə deyib ki, bütün verilmiş kreditlərlə bağlı eyni vaxtda məhkəməyə müraciət etmək texniki baxımdan mümkün deyil: “Ləğvedici ötən ilin oktyabr ayından işə başlayıb, kredit portfeli isə böyükdür. Hazırda xeyli sayda iş var ki, onlarla bağlı məhkəməyə müraciət üçün hazırlıq gedir. Buna görə də ləğvetmə üçün 2019-cu ilin sonuna qədər müddət müəyyən edilib”.
Bundan başqa, Ə.Həsənov qeyd edib ki, vaxtilə “Bank Standard”ın rəhbərliyində təmsil olunmuş şəxslər bu gün də bank sektorunda təmsil olunur, vəzifə tutur: “Bu məsələdə məsuliyyət təkcə Bankın İdarə Heyətinin beynəlxalq axtarışa verilmiş keçmiş sədri Səlim Krimanın üzərinə düşmür. Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir. Halbuki həmin şəxslərin bir qismi bu gün banklarda rəhbərlikdədir. Həmçinin, Azərbaycan Mərkəzi Bankı da buna görə məsuliyyət daşımalıdır. Əgər bu qurumun vəzifəli şəxsləri “Bank Standard”da vaxtında normal yoxlama aparıb, qanun pozuntularına göz yummasaydı, indi Bankın vəziyyəti bu qədər pis olmazdı”.

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin lisenziyası ləğv olunmazdan öncə bankın sağlamlaşdırılmasına dövlət büdcəsindən 115 mln. manat ayrılıb, amma bu pulun hara getdiyi məlum deyil”.
Bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.