“Kürdəxanıda Azər Seyidov dedi, anarxistsən, bir şillə…“ (VİDEO)


17 martda imzalanan əfv sərəncamı ilə azadlığa çıxan NİDA üzvü Məmməd Əzizov Meydan TV-yə müsahibə verib. O, Bakı İstintaq Təcridxanasında və cəzaçəkmə müəssisəsində ona edilən təzyiqlərdən danışıb.

… 3 aya yaxın qulağım eşitmədi.  Sol qulağım konkret eşitmədi. İki həftəyə yaxın da normal gəzə bilmədim. Sonra düzəldi. Sonra Kürdəxanıya gəldim. Orda Azər Seyidov soruşdu: “Anarxistsən, ə, sən?” Dedim: “Hə”. Bir şillə. Yenə: “Anarxistsən, ə, sən?” Yenə: “Hə”. Yenə bir şillə. Gətirdi bir kitab verdi ki, get oxu, himni öyrən. Məni bir həftə karantində saxladı. Bir az problem yaratdı özü. Əslində heç kimi 3 gündən artıq saxlamırlar. Qanunvericilikdə necədi bilmirəm, amma normal halda 3 gün saxlayırlar. Məni 1 həftə saxladılar himn məsələsinə görə. Dedi: “Anarxistsənsə, oturmalısan burda”.

… İyilun ortasından sentyabrın ortalarına qədər – 2 ay, 1 həftə karsda olduq.  Sonra çıxdıq karsdan. Yenə bir az çətinliklər vardı başqa məsələlərlə bağlı. Amma çıxmazdan 3-4 ay əvvəldən hər şey düzəlmişdi.

… Bizi tutandan sonra “Tarqovı”da heç normal bir mitinq olmadı. Amma biz çox böyük işlər görmüşdük. Onlar da bilirdilər. Müstəntiq də deyirdi ki, siyahıda 26 nəfər vardı, ancaq  8 nəfəri tutdular. Dedilər, ehtiyac yoxdu artıq, 8 nəfəri tutdular, hər şey bitdi, qurtardı. Hər şey bu 8 nəfərin başında imiş, 26 nəfərə ehtiyac olmadı.

… Necə ki, bayırda mikrofonu kiməsə uzadıb nəsə sual verirsən, o da sənə qayıdıb deyir ki, “mən dövlətə qarşı deyiləm e, sadəcə…”.  Çöldə belə qorxu var. Amma içəridə belə deyirlər: “Mən dövləti tərifləmirəm e, sadəcə….”  Orda tam əksinədir. Tutublar də, daha nə edəcəklər. Çox olsa, cərimə təcridxanasına salacaqlar, o da hamının gedib-gəldiyi adi bir yerdi.

… Məncə, ümumi olaraq müxalif hərəkatın siyasi məhbuslarla bağlı səhvi ondan ibarətdir ki, hər dəfə əfv yaxınlaşanda, bütün təşkilatlar – ağsaqqalından tutmuş cavanına qədər hamısı belə fikirləşdi ki, yəqin biz sakit dursaq, heç nə etməsək, uşaqları buraxarlar. Belə düşündüklərinə görə də heç kim bir iş görmədi, durğunluq yarandı. Hakimiyyət də özü üçün təsdiqlədi ki, sən demə, bizim üçün problem yaradan elə bu içəridəkilərmiş. Bunları da tutmuşuq, vəssalam, sakitlikdi…

M. Əzizov Facebook-da „Heydər Əliyev adına Səhifə“nin adminlərindən olub. 2013-cü il 11 yanvar tarixində yanvarın 12-də keçiriləcək „Əsgər ölümlərinə son“ mitinqinə hazırlıq işləri görərkən saxlanılıb. O, 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) 28.1. (Cinayətə hazırlıq) 220.1 (Kütləvi iğtişaş) 234.1. ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Məmməd Əzizov barəsində 7.5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Məmməd Əzizov ittihamlar üzrə özünü təqsirli bilməyib.