“Üç nəfər azadlığa buraxılmayana qədər sanksiyalar təklifi gündəmdə qalır”


Azər Qasımlı: “Üç nəfər azadlığa buraxılmayana qədər sanksiyalar təklifi gündəmdə qalır” Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalayıb. Xəbər verildiyi kimi, əfv fərmanı ümumilikdə 148 nəfərə şamil edilib. Onların 137 nərəfi cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad ediliblər.

Ən maraqlı xəbər isə əfv fərmanı ilə 14 nəfər siyasi məhbusun həbsdən azad edilməsi xəbəri olub. Onların arasında Anar Məmmədli, Rəsul Cəfərov, Nemət Pənahlı, Tofiq Yaqublu, Rəşadət Axundov, Yadigar Sadıqov, Pərviz Həşimli, Sirac Kərimli, Məmməd Əzizov, Ömər Məmmədov, Rəşad Həsənov kimi adları beynəlxalq təşkilatların hesabatlarına daxil edilmiş siyasi məhbuslar var.

Bundan başqa Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədov da əfv siyahısında yer alıblar. Ancaq əfvə düşməsi gözlənilən bəzi siyasi məhbuslar həbsdə saxlanılıblar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının, ABŞ Dövlət Departamenti və Avropa qurumlarının tələbinə baxmayaraq, Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi İntiqam Əliyev əfvə düşməyib.

Məsələyə münasibətini bildirən REAL Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlı Cebhe.info-ya açıqlamasında bu əfv fərmanının müsbət addım olduğunu desə də, Azərbaycanda siyasi məhbus probleminin həllini tapmadığını vurğuladı: “Hakimiyyət İlqar Məmmədovu azadlığa buraxmamaqla bir daha göstərdi ki, özünün əsas rəqibi kimi məhz onu görür və ondan çəkinir.

Mən hesab edirəm ki, iyun ayında Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarının icra edilməməsi məsələsinə yenidən baxmalı olacaq. Avropa Birliyi Şurasının prezidenti Työrbörn Yaqlandın bu məsələyə dair prinsipial mövqeyi var idi. Avropa Komissiyasının vitse-prezidenti xanım Mogerini də bu yaxınlarda Azərbaycana səfəri zamanı İlqar bəyin həbsi problemini hakimiyyət qarşısında qaldırıb.

Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Arqaumunt da Azərbaycana səfəri zamanı həbsxanada İlqar Məmmədovla görüşdü. İlqar Məmmədovun məsələsi çox ciddi problemdir. Ona görə də nə qədər ki, İlqar Məmmədov, Xədicə İsmayıl, İntiqam Əliyev həbsdədir, Azərbaycanda siyasi məhbus problemi həll olunmamış qalır. Halbuki, bu, absurd bir məsələdir. İlqar Məmmədov və Toiq Yaqublu eyni ittiham üzrə həbs ediliblər. İndi necə olur ki, bu iki şəxsdən biri azadlığa buraxılır, biri yox?

Biz əlimizdən gələni edəcəyik ki, İlqar bəy azadlığa çıxsın. Onu da qeyd edim ki, İlqar Məmmədov azadlığa buraxılmayınca, siyasi məhbus problemi hər zaman gündəmdə olacaq və Azərbaycanın imicinə böyük xələl gətirəcək, hakimiyyətə diskomfort yaradacaq”.

Azər Qasımlının fikrincə, bir qrup siyasi məhbusun azadlığa çıxması Azərbaycana qarşı beynəlxalq sanksiyaların aradan qalxması anlamına gəlmir. Çünki ABŞ Helsinki Komissiyasının tələb etdiyi 4 nəfərdən yalnız biri-Anar Məmmədli sərbəst buraxılıb. İlqar Məmmədov, Xədicə İsmayıl və İntiqam Əliyev hələ həbsdə qaldığına görə, Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi təklifi gündəmdə qalır.

Müşfiq Abdulla Cebhe.info

http://www.cebhe.info/oxu/15935/#sthash.uo9gxFN7.dpuf