İşçi qrupunun üzvü: “Əli İnsanov prinsipial olaraq əfvdən imtina edib


“İşçi Qrupunun Əfv Komissiyasına təqdim etdiyi siyahıda 14 nəfərdən daha çox məhbusun adı var idi. Əfv olunan 14 nəfərin adları daha çox hallanan və ictimai nümayəndələri olan şəxslərdir. Bugünkü əfv sərəncamını çox alqışlayıram”. Bunu Cebhe.info-ya İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov deyib.

Keçmiş səhiyyə naziri Əli İnsanovun adının əfv siyahısında olmamasına gəlincə, Sahib Məmmədov bildirib ki, əfv üçün müraciət etmək lazımdır: “Özü müraciət etməsə də, onun razılığı ilə kimsə müraciət etməlidir. İstənilən halda məhkum əvəzinə başqası müraciət edəndə məhkumun öz rəyi də soruşulur.

Bildiyim qədəri ilə Əli İnsanov prinsipial olaraq əfvdən imtina edib. Cəzasını axıradək çəkmək niyyətindədir. Hətta Əli İnsanovun qardaşı vəfat edəndə dəfndə iştirak etmək üçün icazə verdilər, amma o, bundan da imtina etdi. Bu, Əli İnsanovun şəxsi hüququdur və buna görə onu qınamaq olmaz. Əfvin qaydası budur ki, ya məhbus özü, ya da onun adından kimsə müraciət etməlidir. Amma Əli İnsanov müraciət etməyib.

Buna görə Əli İnsanovun adının əfv siyahısında olmamasına təəccüb etmirəm”. Hüquq müdafiəçisi adları əfv siyahıda olmayanlar üçün təəssüf hissi keçirdiyini də bildirib: “Bütün hallar nəzərə alınır. Adları siyahıda yoxdursa, deməli məqsədəuyğun bilnməyib. Hesab edirəm ki, prezident imzaladığı budəfəki əfv sərəncamında həm İşçi Qrupunun, həm də Əfv Komissiyasının təklifləri nəzərə alıb. Bu, çox yaxşı göstəricidir. Buna görə çox sevinirəm”.

Qeyd edək ki, prezident İlham Əliyev martın 17-də imzaladığı əfv sərəncamı ilə 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Yeganə Oqtayqızı

Cebhe.info –

http://www.cebhe.info/oxu/15939/#sthash.fQAZSbPh.dpuf