AXCP sədrindən əfv sərəncamına münasibət: “Bu hakimiyyət „yaxşılığı“ axıra kimi etmir


“Siyasi məhbusların bir qisminin azad olunmasına sevinirəm. Lakin, bu hakimiyyət „yaxşılıq“ edəndə də axıra kimi etmir. Əfv edirsiniz, hamını edin, ayrı-seçkilik nəyə lazım? „Yaxşılıq“ ona görə deyirəm ki, azad edilənlər günahsız olublar və siyasi fəaliyyətlərinə görə həbs edilmişdilər. Onlar ictimai əsayiş üçün heç bir təhlükə kəsb etmirdilər”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev prezidentin əfv fərmanı imzalamasına münasibət bildirərkən deyib.

AXCP sədri bütün siyasi məhbusların azad edilməməsinə kəskin etiraz edib: “REAL sədri İlqar Məmmədov, hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist Xədicə İsmayılovanın isə azad olunmamasına üzülürəm və arzumdur ki, onlar da haqq etdikləri azadlıqlarına qovuşsunlar.

Sevinirəm ki, nəhayət günahsız olaraq həbsə məhkum edilmiş Tofiq Yaqubluazadlığına qovuşdu. Müsavat yetlililəri Yadigar Sadiqov və Sirac Kərimlinin azad edilməsi də xoş xəbərdir. Onların azadlıqlarını təbrik edirəm.

“NİDA”çıların – Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov və Ömər Məmmədovun – azad edilməsi gənclərimizin əhvali-ruhiyyəsinə müsbət təsir göstərəcək. Onları ailələrinə qovuşmaları və haqsız həbsdən azad edildiklərinə görə təbrik edirəm.

Hər kəsin dəyər verdiyi və vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu olan Anar Məmmədli və Rəsul Cəfərovun da azadlığa çıxması çoxlarını nəinki ölkəmizdə, həm də sərhədlərimizdən kənarda sevindirəcəkdir. Onların azadlıqlarını təbrik edirəm.

Jurnalist Pərviz Həşimli çox haqsızlıqlarla üzləşdi. Onun məhkəməsində iştirakçı da olmuşdum. Onu həbsə atanlar, ona şər və böhtan yağdıranlar bu gün özləri həbs həyatı yaşamaqdadırlar. Haqsızlıq yerdə qalmır. Hüquq müdafiəçiləri Hilal Məmmədov və Taleh Xasməmmədovu da təbrik edirəm. Nə yaxşı ki, haqsızlıqdan qurtuldular.

Azərbaycanda azadlıq hərəkatının formalaşmasında və müstəqillik savaşında əzm göstərmiş Nemət Pənahlını da təbrik edirəm. Nə olub- olmamasından asılı olmayaraq, Nemət Pənahlının taleyində belə bir həbs məşəqqətinin yaşanmasına üzülürəm. Qapısının açılması məni çox sevindirdi. Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin azad edilməsi də xoş xəbərdir. Onu da azadlığına qovuşması münasibətilə təbrik edirəm.

Digər tanımadığım, lakin azadlığa qovuşmuş vətəndaşlarımızı da təbrik edirəm və inanıram ki, həyatlarında bir daha qaranlıq köşələr olmayacaqdır”.

Cebhe.info

http://cebhe.info/oxu/15925/#sthash.nmYlWYFt.dpuf