Smit layihəsinin ABŞ Konqresində müzakirəsi gündəlikdən çıxarıla bilərmi?- RƏY


Razi Nurullayev: “Azərbaycan hakimiyyəti bu məsələlərdən narahat olur və özünün siyasətində, insan hüquqları və demokratiya məsələlərində müəyyən korrektələr etməyə vadar olur”.

Asim Mollazadə: “Əslində Smit layihəsinin arxasında duran qüvvələr Azərbaycana qarşı informasiya müharibəsi aparırlar”.

ABŞ Konqresində Smit layihəsinin müzakirəsinin gözlənildiyi ərəfədə Ağ Evlə rəsmi Bakı arasında gərgin münasibətlərin normallaşması ab-havası hiss olunmaqdadır. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın ölkəmizdə fəaliyyətinin bir illiyi ilə bağlı yazdığı məqaləsində də sabitliyin daha əvvəllərdə olduğu kimi demokratiyadan üstün tutulması hiss olunmaqdadır. ABŞ-Azərbaycan münasibətləri normal axarına dönərsə, Azərbaycana qarşı Smit layihəsinin Konqresdə müzakirəsi gündəlikdən çıxarıla bilərmi?
Bu suallarla PİA.AZ- ın əməkdaşı AXCP sədri  Razi Nurullayev və deputat Asim Mollazadəyə müraciət edib.

ABŞ Konqresində Azərbaycana qarşı Smit layihəsinin qəbul edilməyəcəyini hesab edən Razi Nurullayevin fikrincə, ABŞ siyasətində sanksiya tətbiqinin əhəmiyyətsizləşməsi baxımından Azərbaycan üçün təhlükə sayılmamalıdır:


“Konqresin Kris Smitin təqdim etdiyi qərar layihəsini çıxaracağını düşünmürəm. Eyni zamanda hesab edirəm ki, ABŞ adminstrasiyasının Kris Smitə təzyiq göstərəcəyi mümkün deyil. Ümumiyyətlə, ABŞ siyasətində belə məsələlər istisnadır. Yəni, kiminsə kiməsə təsir göstərməsi mümkün deyil. Hal-hazırda Azərbaycan iqtidarı bir çox ölkələrdəki lobbi təşkilatlarını, xüsusən də yəhudi lobbi təşkilatlarını cəlb edərək belə bir qərarın müzakirəsini və qəbul olunmsını aradan qaldırmaq istəyir. Bununla yanaşı, Azərbaycana qarşı Smit layihəsinin Konqresdən keçəcəyini gözləmirəm. Bu uzun bir prosesdir və Konqresmenin bu məsələsini kifayət qədər dəstəkləməsi görünmür. Ümumiyyətlə, sanskiyaların tətbiq edilməsi ABŞ-ın siyasətində artıq öz təsir qüvvəsini itirməkdədir. 1959-cu ildən ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyalar heç bir nəticə vermədi.
Keçən ildən başlayaraq, ABŞ Kuba üzərindən sanksiyalarını geri götürdü. Eyni zamanda ABŞ və Avropa Birliyi Belarusiyaya, Belarus prezidenti Lukaşenkoya qarşı sanskiyalar tətbiq etmişdilər. Artıq Avropa Birliyi o sanksiyaların bir çoxunu Lukaşenkonun üzərindən götürüb. Çünki tətbiq edilən sanksiyalar nəticəsiz qaldı. Sanksiyalarla danışmaq ölkə problemini həll etmir. Ona görə də ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdə o qədər də maraqlı deyil. Hər halda bu cür məsələlərin gündəmə gəlməsini yüksək qiymətləndirirəm. Çünki Azərbaycan hakimiyyəti bu məsələlərdən narahat olur və özünün siyasətində, insan hüquqları və demokratiya məsələlərində  müəyyən korrektələr etməyə vadar olur“. 

ABŞ-ın Azərbaycanla münasibətlərini korlamaq niyyətindən uzaq olduğunu vurğulayan deputat Asim Mollazadəyə görə, sadəcə olaraq, Amerikadakı müvafiq diasporalar bəzən bu cür problemlər yaradırlar:

“Əslində Smit layihəsinin arxasında duran qüvvələr Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Bu proses təbii olaraq, davam da edəcək. Sadəcə ABŞ rəhbərliyi anlayır ki, Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaşdır. Ona görə də Azərbaycana qarşı aparılan işlər ABŞ-ın öz maraqlarına da ziddir. Hal-hazırda yaranan problem Amerikanın demokratik sistemində çox vaxt müvafiq diaspora, lobbi qrupları öz fəaliyyəti ilə eyni zamanda ABŞ-ın maraqlarına da toxunurlar”.

Cebhe.info