Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa məlumat yaydı


Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həbs olunan dostu, partiyasının Tərtər rayon təşkilatının sədrinin ailəsində baş verən faciə ilə bağlı məlumat yayıb. 
faz
Avropa.info xəbər verir ki, deputat hazırda həbsdə olan Zülfüqar İbrahimovun Tərtər rayon icra hakimiyyətinin başçısı tərəfindən şərlənərək həbs olunduğunu, şikəst qızının isə aylarla ata həsrəti çəkdikdən sonra dünyasını dəyişdiyini deyib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşan deputat qeyd edib ki, Z.İbrahimov inanclı şəxs kimi ibadətlə məşğul olub, lakin o, şərlənərək radikal dindar kimi həbs edilib: “Azərbaycan xalq hərəkatının çox dəyərli və fədakar insanlarından biri olan Zülfüqar İbrahimov Tərtərin müdafiəsi üçün Xalq Cəbhəsi batalyonunun yaradıcısı və ermənilərə qarşı döyüşün fəal iştirakçısı olub. Böyük Quruluş Partiyasının Tərtər rayon təşkilatının sədridir. İnanclı bir iş adamıdır. Rayon üçün də əlindən gələni etmiş, Şəhidlər Xiyabanının təmirini öz vəsaiti hesabına gerçəkləşdirmiş dürüst bir insandır. Tərtər rayon İcra hakimiyyəti başçısının verdiyi qərəzli informasiyalar nəticəsində qondarma radikal dindar yarlığı ilə ötən ilin mart ayından həbs olunub və evində ənənəvi patron tapılması səbəbinə iki il azadlıqdan məhrum olunub”.
F.Mustafa yaydığı məlumatda Z.İbrahimovun gördüyü işlər barədə də qeydlərini yazıb: “Onlarla ləyaqətli vətənpərvər insanlardan biri kimi tək günahı sakitcə öz günlük ibadəti ilə məşğul olmasıdır və qətiyyətlə söyləyə bilərəm ki, ümumiyyətlə radikal baxışlı insanlara qarşı ən sərt mövqeyi olan sağlam inanc sahibidir. Zülfüqar həm də gözəl ailə başçısıdır və iki sağlam övladı ilə birlikdə 23 yaşına qədər gəlib çatmış yataq xəstəsi olan bir şikəst qız övladını da hər cür çilələrə rəğmən fədakar xanımı ilə birlikdə müalicə etdirməyə və yaşatmağa çalışıb. Uşağın ona necə bağlı olduğunu bildiyimə görə, onun atasının həbsinə dözməyəcəyini təsəvvür edirdim. İndicə xəbər aldım ki, o şikəst uşaq atasının ayrılığına aylar boyu o qədər ağlayıb ki, ürəyi tab gətirməyib, dünyasını dəyişib. Allah yerini behiştlik etsin və bizlərin bu məsum uşaqların qarşısında günühlarımızı bağışlasın!”.
Deputat uşağın ölümündə günahı olan məmurlara da səslənib: “İndi buruyun, cənab məmurlar, atasını nahaqdan şərləyib tutdurduğunuz uşaqdan necə halallıq istəyəcəksiniz? Bu əmələ görə hansınızı Allah bağışlayacaq? Həbsxanada olan Zülfüqar qardaşıma dərin hüznlə başsağlığı verirəm və Allahdan səbr diləyirəm. Bir Allah bilir ki, onun bir icra başçısının hikkəsi ilə haqsız tutulduğunu sübut etmək üçün əlimdən gələni etməyə çalışdım, ancaq nə edim ki, qanunsuzluqların qarşısında bir çox hallarda bizim də sözümüz keçərli olmur”.
Xatırladaq ki, Z.İbrahimov və bir neçə şəxs ötən ilin mart ayında həbs olunublar.
PS.Əgər Millət Vəkilinin özü açıq şəkildə etiraf edirsə ki Bir Allah bilir ki, onun bir icra başçısının hikkəsi ilə haqsız tutulduğunu sübut etmək üçün əlimdən gələni etməyə çalışdım, ancaq nə edim ki, qanunsuzluqların qarşısında bir çox hallarda bizim də sözümüz keçərli olmur” o zaman Azərbaycanda yaşamagin özü çox qorxuludur.