AXCP hakimiyyətdən 4 nazirlik istəyir


Rafiq Daşdəmirli: “Müxalifətin bu nazirliklərə rəhbərlik etməsi hakimiyyətə hər hansı siyasi təhlükə yaratmır”
AXCP siyasi islahatlarla bağlı anti-böhran paketində hökumətə 4 nazirliyin müxalifətə verilməsini təklif edir. AXCP-nin istədiyi nazirliklər bunlardır:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Kənd Təsərrüfatı Nazirliyi;
Səhiyyə Nazirliyi;
Təhsil Nazirliyi;
AXCP funksioneri Rafiq Daşdəmirli məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlamasında bunları deyib:
“Bu sahələr daha çox humanitar və sosial yönümlüdür. Ona görə də hesab edirik ki, müxalifətin bu nazirliklərə rəhbərlik etməsi hakimiyyətə hər hansı siyasi təhlükə yaratmır. Əslində ölkə əhalisinin də ən çox narazı olduğu dövlət qurumları bu nazirliklərdir. Bu təkliflər reallaşsa və bu mexanizm işlək hala gəlsə, 1918-ci ildə Şərqə bir günəş kimi doğmuş Azərbaycanın daha əzəmətli ikinci doğuşu da gerçəkləşə bilər. Bu, həm də ölkədə siyasi stabilliyin, demokratiyanın təntənəsi və Azərbayanın dünya miqyasında reytinqinin, imicinin yüksəlməsi deməkdir. Təbii ki, bu da ölkənin sosial, iqtisadi və siyasi inkişafına ciddi töhfə verəcək”.
AXCP-nin istədiyi dövlət qurumları arasında “Qaçqınkom” yoxdur. Bununla bağlı R.Daşdəmirli deyib: “Ən şəristəsiz dövlət qurumu elə bu komitədir. O biri nazirliklər kimi səriştəsizlik və qeyri-şəffaflığın hökm sürdüyü bu komitədə işğal olunmuş torpaqların geri qaytarılması fikir belə yoxdur”.
AXCP-nin istədiyi qurumlardan biri Təhsil Nazirliyidir. R.Daşdəmirli deyib ki, bu nazirlik də işinin öhdəsində gələ bilmir və yenilənməsinə ehtiyac var: “Balaca bir sorğu aparsaq, Təhsil Nazirliyinin fəalliyyətinin bərbad vəziyyətdə olduğunu görərik. Haqlı sual yaranır ki, təhsilimiz yaxşı olsaydı, uşaqlarımız oxumaq ücün xarici ölkələrə niyə üz tuturlar?”
Səhiyyə sahəsindəki neqativliklərdən danışan AXCP funksioneri hesab edir ki, müxalifətə verilməsi vacib olan sahələrdən biri də bu nazlirlikdir:
“Səhiyyənin vəziyyəti barədə mətbuat hər gün yazır. Səhiyyəmiz yaxşı halda olsaydı, insanlarımız müalicə ücün xarici ölkələrə üz tutmazdılar. Bu yaxınlarda İranda müalicə zamanı ölmüş balaca körpənin meyidini vermirdilər. Niyə öz səhiyyəmizin keyfiyyətli müalicəsi yoxdur ki, insanlarımız müalicə üçün xarici ölkələrə üz tuturlar. Səhiyyənin bu qədər yeni infrastrukturu, yüksək səviyyəli avadanlıqları olduğu halda, niyə bu gündəyik? Niyə hər xəstəliyin öz “qiyməti” var? Niyə xəstəxanalarımızda dərmanlar özəl olaraq verilir? Dərmanlarımız niyə keyfiyyətsizdir? Niyə dərmanın icindən məftil çixir? 20 ildir düzəlməyən bir sahəni versinlər müxalifətə,onsuzda müxalifətin əksər üzvləri ya həkimlik edirlər, ya da müəllimlik”.
AXCP funksioneri Kənd Təsərrüfatı Nazirliyinin də idarəetməsinin müxalifətə verilməsini vacib sayır:
“Milyonlarla dövlət vəsaitinin oğurlanması nəticəsində aqrar sektor çöküb. Daxili tələbatın, orta hesabla 60, bəzi məhsullar üzrə isə 100 faiz idxal hesabına ödənilir. Keyfiyyətli fermer təsərrüfatı yox dərəcəsindədir. Deyə bilərsinizmi bu 20 ildə kənd təsərrüfatı üzrə bu işləri görmüşük və ya sahələri qaldırmışıq? Görün nə gündəyik ki, hələ 20 ildə səpin üçün toxumu xarici ölkələrdən gətiririk. Lizinq siyasətindən danışmağa dəyməz. Kənd təsərrüfatında kənd siyasətinə keçid etmək lazımdır. Şəhərdə yaşayıb fermer olmaq çətindir. Bu siyasəti dəyişmək lazımdır”.
cəbhə.inforaf